az en

Vergi Məcəlləsi

Azərbaycan RespublikasınınVergi Məcəlləsi[i]

Ümumi hissə

I fəsil. Ümumi müddəalar[ii]

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər

1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir.

1.3. Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.

Maddə 2. Azərbaycan Respublikasının vergi qanunvericiliyi

2.1. Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir.

2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır.

2.3. Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda, vergi qanunvericiliyinin aktları tətbiq edilir.

2.4. Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz:

2.4.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar;[iii]

2.4.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalar;

2.4.3. vergi öhdəliklərinin üstünlüyü haqqında müflisləşmə və iflas haqqında qanunvericilikdə nəzərdə tutulan müddəalar;

2.4.4. büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar;

2.4.5. vergilər üzrə dövlət təminatlarının verilməsi ilə bağlı müddəalar;[iv]

2.4.6. hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar.

2.4.7. İxrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar.[v]

2.4.8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda vergi yoxlamaları (kameral vergi yoxlamaları istisna olmaqla) haqqında nəzərdə tutulan müddəalar.[vi]

2.4-1. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz.[vii]

2.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

2.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə, bu Məcəllənin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmur.

2.7. Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.[viii]

2.8. Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir.[ix]

[i] 11 iyul 2000-ci il tarixli 905-IQ nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 8, maddə 583) ilə təsdiq edilmişdir.

[ii] 19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul 2009-cu il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 506) ilə Məcəllənin mətnində ismin müvafiq hallarında “Milli Bank” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilmişdir.

[iii] 16 noyabr 2001-ci il tarixli 217-IIQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 734) ilə 2.4.1.-ci maddədə “Azərbaycan Respublikasının İnzibati xətalar haqqında Məcəlləsində” sözləri “Azərbaycan Respublikasının inzibati xətalar Məcəlləsində” sözləri ilə əvəz edilmişdir.

[iv] 22 noyabr 2013-cü il tarixli 824-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 29 dekabr 2013-cü il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1483) ilə 2.4.5-ci maddədən “və müddətli güzəştlərin” sözləri çıxarılmışdır.

[v] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə yeni məzmunda 2.4.7-ci maddə əlavə edilmişdir.

[vi] 30 sentyabr 2014-cü il tarixli 1038-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 06 noyabr 2014-cü il, № 242, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1158) ilə yeni məzmunda 2.4.8-ci maddə əlavə edilmişdir.

[vii] 22 noyabr 2013-cü il tarixli 824-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 29 dekabr 2013-cü il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1483) ilə yeni məzmunda 2.4-1-ci maddə əlavə edilsin edilmişdir.

[viii] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 2.2.7-ci maddədə “qanunda” sözü “, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda” sözləri ilə əvəz edilmişdir.

[ix] 6 noyabr 2007-ci il tarixli 472-IIIQD nömrəli  Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 12, maddə 1192) ilə 2.8-ci maddə əlavə edilmişdir.

19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 iyul 2009-cu il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 506) ilə 2.8-ci maddədə “həmin qanun layihələri” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə” sözləri əlavə edilmişdir.

Daha ətraflı

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png