az en

Özəlləşdirmə Qanunu Və Proqramı

Dövlət əmlakının özəlləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu qanun Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edir.

I fəsil
Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

1.0.1. dövlət əmlakının özəlləşdirilməsi – dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;

1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı – dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır;

1.0.3. özəlləşdirmənin obyekti – özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir;

1.0.4. (müəssisənin, obyektin) start qiyməti – qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir;

1.0.5. dövlət özəlləşdirmə payı – dörd özəlləşdirmə çekindən ibarət, Azərbaycan Respublikasının 1997-ci il 1 yanvar tarixinə qeydiyyatda olan hər bir vətəndaşına dəyəri ödənilmədən paylanmış və çeklə özəlləşdirilən dövlət əmlakının orta hesabla 1/8000000 hissəsini ifadə edən adsız (təqdim edənə), nağd şəkildə buraxılan qiymətli kağızların məcmusudur;

1.0.6. dövlət özəlləşdirmə opsionu – xarici investora dövlət əmlakının özəlləşdirilməsində dövlət özəlləşdirmə çeklərindən istifadə etmək hüququ verən, nağdsız formada buraxılan adlı qiymətli kağızdır;

1.0.7. özəlləşdirmə əqdi – bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir;

1.0.8. yerli investor – Azərbaycan Respublikasının vətəndaşları təsisçisi (təsisçiləri) və ya nizamnamə fondundakı payın 50 %-dən çoxu Azərbaycan Respublikasının vətəndaşlarına məxsus olan hüquqi şəxslər;

1.0.9. xarici investor – əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların nümayəndəlikləri, habelə nizamnamə kapitalında xarici sərmayənin payı 50 %-dən çox olan Azərbaycan Respublikasının hüquqi şəxsləridir;

1.0.10. strateji investor – müəssisəyə yeni texnologiya və nou-xaunu cəlb etmək imkanına malik, müəssisənin fəaliyyətində və idarəçiliyində bilavasitə iştirak etmək niyyəti olan və həmin sahədə böyük idarəçilik və istehsal təcrübəsinə malik olan hüquqi şəxsdir.

Maddə 2. Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsəd və prinsipləri

2.1. Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

2.2. Dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır:

2.2.1. özəlləşdirməyə dair tədbirlərin aşkarlıq şəraitində həyata keçirilməsi və onun gedişi üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi;

2.2.2. dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericiliklə müəyyən olunmuş mənafelərinin qorunması;

2.2.3. sağlam rəqabət mühitinin formalaşdırılması;

2.2.4. özəlləşdirmə prosesində bütün alıcılar üçün bərabər şəraitin yaradılması.

Maddə 3. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik

Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və onlara uyğun olaraq qəbul edilən digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 4. Qanunun tətbiq dairəsinin məhdudlaşdırılması

4.0. Bu Qanun aşağıdakılara şamil edilmir:

4.0.1. torpaq fondunun özəlləşdirilməsi (özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri istisna olmaqla); [i]

4.0.2. dövlət mənzil fondunun özəlləşdirilməsi;

4.0.3. faydalı qazıntı yataqlarının özəlləşdirilməsi;

4.0.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları.

Maddə 5. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı

5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur.

5.2. Dövlət Proqramında aşağıdakılar nəzərdə tutulur:

5.2.1. bu Qanunun 6.1-ci maddəsinin 6.1.3 və 6.1.4 bəndlərində göstərilən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən əmlakın siyahısı;

5.2.2. dövlət əmlakının özəlləşdirilməsi üsullarının seçilməsi qaydası;

5.2.3. dövlət özəlləşdirmə paylarının (çeklərin) istifadə olunması qaydası;

5.2.4. özəlləşdirmə prosesində yerli və xarici investorların (alıcıların) iştirakı qaydası;

5.2.6. özəlləşdirilən dövlət əmlakının haqqının ödənilməsi qaydası;

5.2.7. müəssisə və obyektlərin özəlləşdirməqabağı restrukturizasiyası və sağlamlaşdırılması;

5.2.8. özəlləşdirilən dövlət müəssisəsində əmək kollektivinə verilən güzəştlər;

5.2.9. dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı digər məsələlər.

Daha ətraflı

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png