az en

İnvestisiya təşviqi sənədi

“İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanının 1.2-ci bəndi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

                                                                                                                İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2016-cı il

               № 877


                                                                                  Azərbaycan Respublikası Prezidentinin

                                                                                  2016-cı il 20 aprel tarixli 877 nömrəli

                                                                                  Fərmanı ilə təsdiq edilmişdir

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.26-cı maddəsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin (bundan sonra – təsdiqedici sənəd) verilməsi qaydasını müəyyən edir.

1.2. Təsdiqedici sənəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na uyğun olaraq investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra – sahibkar) verilir.

1.3. Təsdiqedici sənədin forması bu Qaydaya əlavə olunur.

1.4. Təsdiqedici sənəd sahibkara Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.26-cı maddəsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində nəzərdə tutulan güzəştlərdən istifadə hüququ verir.

1.5. Təsdiqedici sənədin verilməsi üzrə inzibati icraat, bu Qaydanın tələbləri nəzərə alınmaqla, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.

2. Təsdiqedici sənədin verilməsi

2.1. Təsdiqedici sənədi almaq üçün sahibkar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra – Nazirlik) ərizə ilə müraciət edir.

2.2. Ərizə ilə birlikdə, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakılar da təqdim edilir:

2.2.1. idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların siyahısı (siyahıda idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların ABŞ dolları ilə dəyəri, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodu, adı, XİFMN-də göstərilən ölçü vahidində miqdarı göstərilməlidir);

2.2.2. idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların alınması ilə bağlı müqavilənin surəti;

2.2.3. investisiya təşviqi sənədinin surəti.

2.3. Nazirlik təqdim olunmuş ərizəyə (ona əlavə edilmiş sənədlərlə birlikdə), onun qeydiyyata alındığı tarixdən ən geci 7 iş günü müddətində baxır və bu Qaydanın 2.6-cı bəndinin tələblərinə uyğun olduqda, təsdiqedici sənədi tərtib edərək sahibkara verir. Nazirlik verdiyi təsdiqedici sənəd barədə məlumatı 3 iş günü müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə verir.

2.4. Daxil olmuş ərizədə və ona əlavə olunmuş sənədlərdə göstərilən məlumatlar bu Qaydanın 2.6-cı bəndində əks olunan tələblərə cavab vermədikdə, habelə onlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıq aşkar edildikdə, Nazirlik təsdiqedici sənədin verilməsindən imtina haqqında inzibati akt qəbul edir və həmin aktı qəbul olunduğu tarixdən 2 iş günü müddətində sahibkara təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

2.5. Təsdiqedici sənədin verilməsi barədə ərizədə (ona əlavə edilmiş sənədlərdə) aşkar edilmiş çatışmazlıq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aradan qaldırılır. Çatışmazlıq aradan qaldırıldıqdan sonra sahibkar yenidən təsdiqedici sənədin verilməsi barədə ərizə ilə Nazirliyə müraciət edə bilər.

2.6. Təsdiqedici sənədin verilməsi barədə ərizəyə baxılarkən idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların bilavasitə istehsalın, işin və xidmətin təşkili ilə bağlı olması və investisiya təşviqi sənədini almaq üçün təqdim edilən investisiya layihəsinə (biznes plana) uyğunluğu araşdırılır.

3. Təsdiqedici sənədin ləğvi

3.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində göstərilən hallarla yanaşı, təsdiqedici sənəd aşağıdakı hallarda da ləğv olunur:

3.1.1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 9-cu hissəsinə uyğun olaraq investisiya təşviqi sənədi ləğv edildikdə;

3.1.2. təsdiqedici sənəd əsasında idxal olunmuş texnikanın, texnoloji avadanlıqların və qurğuların sahibkar tərəfindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi, investisiya layihəsinin həyata keçiriləcəyi ərazidən kənarlaşdırılması və ya üçüncü şəxsə verilməsi (müəssisənin və ya təsərrüfat obyektinin verilməsi halları istisna olmaqla) haqqında Nazirlik əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda.

3.2. Təsdiqedici sənəd ləğv olunduqda, sahibkar qanunla nəzərdə tutulan güzəştlərdən istifadə hüququnu itirir və o, idxal etdiyi texnika, texnoloji avadanlıqlar və qurğular üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq əlavə dəyər vergisini və gömrük rüsumunu ödəməlidir.

3.3. Nazirlik ləğv etdiyi təsdiqedici sənəd barədə məlumatı 3 iş günü müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə verir.


“İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”na əlavə

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin forması

______________________________________________________

(sənədi verən orqanın adı)

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün

TƏSDİQEDİCİ SƏNƏD

№ _____                                                                                      ____ ___________ 20__ il

________________________________________________________________________

(sənədin verildiyi hüquqi şəxsin tam adı / fərdi sahibkarın adı, soyadı, atasının adı/ VÖEN-i)

________________________________________________________________________

(hüquqi şəxsin hüquqi ünvanı / fərdi sahibkarın ünvanı)

________________________________________________________________________

(investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi)

________________________________________________________________________

(investisiya layihəsinin həyata keçirildiyi ünvan)

________________________________________________________________________

(investisiya təşviqi sənədinin nömrəsi və verilmə tarixi)

           Bu sənəd aşağıdakı siyahıda göstərilmiş texnika, texnoloji avadanlıqların və qurğuların ölkəyə idxalı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.26-cı maddəsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində nəzərdə tutulan güzəştlərdən istifadə hüququ verir.

XİF MN-in kodu Malların adları Miqdarı Ölçü vahidi Müqavilənin rekvizitləri (tərəflərin adları və müqavilənin bağlanması tarixi)

           Bu təsdiqedici sənəd müvafiq gömrük orqanına təqdim edilmək üçün verilir.

___________________________ ______________ _________________________

(məsul şəxsin vəzifəsi)                        (imzası)                                  (adı, soyadı)

M.Y.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png