az en

Gömrük Məcəlləsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra – Məcəllə) Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir.

Ümumİ hİssə

I Bölmə

Ümumİ müddəalar

fəsİl 1

Əsas müddəalar

Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar

1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi;

1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs;

1.0.3. daxildə emal – müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük proseduru;

1.0.4. daxili mallar – Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş, yaxud emala məruzqalma meyarlarına uyğun olaraq kifayət qədər emal edilmiş və ya sərbəst dövriyyə üçün buraxılmış mallar;

1.0.5. daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxs;

1.0.6. elektron sənəd – elektron informasiya sistemlərində istifadə üçün elektron formada təqdim olunan və elektron imza ilə təsdiq edilmiş sənəd;

1.0.7. emal əməliyyatları – quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması; malın emalı və təkrar emalı; bərpa olunma və qaydaya salınma da daxil olmaqla, malın təmiri; emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması;

1.0.8. emal məhsulları – emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar;

1.0.9. fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr;

1.0.10. gömrük auditi – malların və nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünün müəyyən edilməsi, eləcə də, şəxslərin mal və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edilməsi haqqında öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər;

1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd;

1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri;

1.0.13. gömrük xidməti – gömrük qanunvericiliyinin tətbiqinə, habelə gömrük ödənişlərinin tutulmasına görə məsul olan dövlət xidməti;

1.0.14. gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;

1.0.15. gömrük nəzarəti altında olan mallar – bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar;

1.0.16. gömrük orqanı – gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi;

1.0.17. gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq;

1.0.18. gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri;

1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər;

1.0.20. gömrük rüsumları – malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü;

1.0.21. gömrük sahəsi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilən gömrük sərhəd buraxılış məntəqəsi, gömrük terminalı, gömrük laboratoriyası, gömrük postu;

1.0.22. gömrük sərhədindən keçirmə – malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi (bundan sonra – qanunvericilik) ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə hərəkətlər;

Daha ətraflı

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png