az en

Beynəlxalq Xüsusi Hüquq Haqqında

Beynəlxalq xüsusi hüquq haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi

1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.

1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

1.4. Xarici ölkələrin hüquq normalarının tətbiqi onların yalnız ümum-hüquq xarakteri əsas götürülməklə məhdudlaşdırıla bilməz.

1.5. Bu Qanunun məhkəmə tərəfindən tətbiq olunmalı hüququn müəyyən edilməsi barədə müddəalarını belə səlahiyyətləri daşıyan digər orqanlar da tətbiq etməlidirlər.

Maddə 2. Xarici hüququn məzmununun müəyyən olunması

2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

Maddə 3. Geriyə istinad və ya üçüncü dövlətin hüququna istinad

3.1. Bu Qanunun müddəalarına uyğun olaraq xarici hüquqa hər hansı istinad bu maddədə nəzərdə tutulan hallar istisna edilməklə, müvafiq xarici ölkənin maddi hüququnun tətbiqini nəzərdə tutur.

3.2. Bu Qanunun 9-cu və 10-cu maddələrində nəzərdə tutulan münasibətlər, habelə ailə-vərəsəlik hüquq münasibətləri tənzimlənərkən xarici hüququn tətbiqi zamanı Azərbaycan Respublikası hüququna geriyə istinad və ya üçüncü ölkənin hüququna istinad qəbul olunur.

Maddə 4. Xarici hüququn tətbiqinə məhdudiyyət

Azərbaycan Respublikasının Konstitusiyasına və referendumla qəbul edilmiş aktlarına zidd olan xarici hüquq normaları Azərbaycan Respublikasında tətbiq edilmir.

Maddə 5. İmperativ normaların tətbiqi

5.1. Bu Qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası hüququnun imperativ normaları tətbiq edilir.

5.2. Bir ölkənin hüququ tətbiq edilərkən bu ölkənin hüququna görə işin halları (mahiyyəti) ilə sıx bağlılığı olan digər ölkənin imperativ normalarına, müqavilədə əsas götürülən hüquqa istinad etmədən onların tətbiqinin mümkün olduğu dərəcədə üstünlük verilə bilər. Belə normalara üstünlük verilməsi barədə qərar qəbul edilərkən onların təyinatı və xarakteri, habelə tətbiqinin nəticələri nəzərə alınmalıdır.

Daha ətraflı

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png