az en

Özəlləşdirmə Təcrübəsi

Azərbaycanda özəlləşdirmə təcrübəsi

Heydər Əliyev Azərbaycanın gələcək inkişafını demokratik və dünyəvi dəyərlərə söykənən sistemlər üzərində qurmuşdur. Məhz ulu öndərin rəhbərliyi ilə müstəqilliyini yeni bərpa etmiş ölkəmizin milli iqtisadiyyatını səmərəli iqtisadi sistem əsasında, habelə xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabət prinsipləri üzərində qərarlaşdırmaq və inkişaf etdirmək üçün strateji xətt müəyyən edilmişdir. Amma buna nail olmaq üçün hökumətin ardıcıl və sistemli iqtisadi islahatlar proqramlarını işləyib hazırlamaq tələb olunurdu. Yəni vahid mərkəzləşdirilmiş iqtisadiyyatın tərkib hissəsi olan qapalı iqtisadi sistemdən tamamilə müstəqil və suveren dövlətin iqtisadiyyatına – milli iqtisadiyyata keçid təmin olunmalı, eyni zamanda bu mərhələdə iqtisadiyyatın idarə olunması sahəsində hökm sürən inzibati-amirlik metodlarından öz-özünü tənzimləyən sərbəst bazar münasibətlərinə keçid məsələsi həll edilməli idi.
Xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabətə əsaslanan sərbəst iqtisadi münasibətlər sisteminə keçid isə bilavasitə mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi və iqtisadiyyatın liberallaşdırılmasını zəruri edirdi. Demək olar ki, o dövrdə – əmlakın 95 faizdən çoxunun dövlətin nəzarətində olduğu bir şəraitdə özəlləşdirilmə aktual məsələyə çevrilmişdir. Başqa sözlə desək, ölkə iqtisadiyyatının ilkin özəklərini təşkil edən müəssisələr, təsərrüfat strukturları və istehsal obyektləri dövlət mülkiyyətində idilər və belə bir şəraitdə iqtisadiyyatda sabitləşmənin, liberallaşmanın və sahibkarlığın inkişafının təmin olunması həmin müəssisələrin tez bir zamanda özəlləşməsindən birbaşa asılı idi.
Mülkiyyətin özəlləşdirilməsi isə ölkəmizin özəlləşdirməqabağı iqtisadi vəziyyəti, ümumi sosial-iqtisadi göstəriciləri və tənəzzül meyilləri ilə şərtlənirdi. Həmin dövr mövcud iqtisadi fəaliyyət mexanizmlərinin və idarəetmə sistemlərinin pozulması, respublikalar və müəssisələrarası iqtisadi əlaqələrin tamamilə iflic olması səbəbindən dövlət mülkiyyətində olan müəssisələrin səmərəli idarə olunması, maliyyə-iqtisadi göstəricilərinin heç olmasa əvvəlki səviyyədə saxlanılması mümkün deyildi. Bu səbəbdən müəssisələrdə çalışan işçilərin iş yerlərinin saxlanılması, nəticə etibarilə məşğulluq problemlərinin qarşısının alınması mümkünsüz olmuşdu. Eyni zamanda dövlət tərəfindən müəssisələrə investisiya qoyuluşlarının birdən-birə kəsilməsi, müəssisələrin isə özlərinin dövriyyə vəsaitlərinin olmaması artıq iqtisadi təsiretmə faktoru olaraq onların təsərrüfat fəaliyyətində ciddi mənfi təzahürlər yaratmışdır. Satış bazarlarının itirilməsi, xammal və resurs mənbələrinin əlçatmazlığı da mövcud dövlət müəssisələrini iflas etmişdir.
Bütün oxşar tənəzzül meyilləri ölkənin makroiqtisadi göstəricilər sahəsində də təkrar olunurdu. İnflyasiyanın idarə olunmaması, ümumi daxili məhsulun həcminin davamlı aşağı düşməsi, sənaye və kənd təsərrüfatı məhsullarının azalan xətt üzrə dinamikası, daxili və xarici ticarət dövriyyələrinin kəskin aşağı düşməsi, bütün bu kimi hallarla yanaşı, işsizlik və məşğulluq sahəsindəki problemlər böhranı daha da dərinləşdirmişdir. 1991-ci ildən etibarən 1996-cı ilə – islahatlar başlayanacan ümumi daxili məhsul, sənaye və kənd təsərrüfatı məhsulları, nəqliyyatda yük dövriyyəsi, pərakəndə əmtəə dövriyyəsi, kapital qoyuluşları, idxal və ixrac dövriyyələrinin həcmi hər il əvvəlki ilə nisbətən 20-25 faiz aşağı düşmüşdür. Bütün bu iqtisadi-sosial faktorlar, eləcə də ölkənin güclü milli iqtisadiyyatının formalaşması zərurəti mülkiyyətin dövlətin nəzarətindən daha səmərəli mülkiyyətçilərə verilməsini diktə edirdi.
Uzun illər boyu yaradılmış dövlət mülkiyyəti formasına əsaslanan əmlakın, müəssisə və obyektlərin özəlləşdirilməsi məsələsi radikal bazar islahatlarını əhatə edən dövlət proqramlarının əsas tərkib hissəsi olmuşdur. Azərbaycan dövləti tərəfindən özəlləşdirilməyə ilk gündən iqtisadi inkişafın əsas vasitəsi kimi vahid dövlət siyasəti formasında yanaşılmış, bu sahədəki tədbirlər əlaqəli şəkildə həyata keçirilmişdir. Bütün mərhələlərdə dövlət tərəfindən özəlləşməni həyata keçirən qurumlar qarşısında özəlləşdirmənin iqtisadi səmərə və sosial ədalət prinsipləri əsasında aparılması vəzifəsi qoyulmuşdur. Ümumiyyətlə, Azərbaycanda qəbul olunan özəlləşdirmə proqramlarının başlıca məqsədləri iqtisadiyyatın gələcək inkişafı və dirçəlişi, bazar iqtisadiyyatı sisteminin bərqərar olması və normal fəaliyyəti üçün təməl şərtlərinin yaradılmasıdır. Konkret məqsədləri isə iqtisadiyyatın liberallaşdırılmasından, xüsusi mülkiyyətçilər təbəqəsinin və azad sahibkarlığın inkişaf etdirilməsindən, istehsalın səmərəliyinin və milli gəlirin artımının həlledici amili kimi mülkiyyətin səmərəli strukturunun yaradılmasından, iqtisadiyyatın strukturunun yenidən qurulması, inhisarsızlaşdırılma və rəqabət mühitinin formalaşdırılması zəminində iqtisadi səmərəliyin yüksəldilməsindən, müəssisələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunmasından, əhlinin həyat səviyyəsinin və sosial rifahının yaxşılaşdırılmasından ibarətdir.
Bununla yanaşı, beynəlxalq təcrübə göstərir ki, özəlləşdirməni həyata keçirmiş və keçirməkdə olan bəzi ölkələrdə özəlləşdirmənin digər məqsədləri (özəlləşdirmədən əlavə gəlirlər əldə edərək onun dövlət büdcəsinə köçürülməsi, fond bazarının yaradılması, qiymətli kağızlar institutunun hərəkətə gətirilməsi, dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması, təsərrüfatçılıqda yeni idarəçilik metodları “nou-hau” tətbiq etmək bacarığına və imkanlarına malik investorlar cəlb edilməsi) də ortaya çıxır.
Özəlləşdirmənin qarşısında duran məqsədlərə nə dərəcədə nail olunması onun hansı model əsasında həyata keçirilməsindən çox asılıdır. Odur ki, Azərbaycanda özəlləşdirmədən öncə bir çox ölkələrin, o cümlədən Şərqi və Mərkəzi Avropa, o cümlədən Rusiyanın, Qazaxıstanın, Baltikyanı ölkələrin özəlləşdirmə təcrübəsi öyrənilmiş və həmin təcrübələr hazırlanan proqramlarda nəzərə alınmışdır. Təhlillər əsasında ölkəmizdə özəlləşdirmənin qarışıq modeli qəbul edilmiş, dövlət əmlakının bir hissəsinin əmək kollektivi üzvlərinə – ölkə vətəndaşlarına əvəzsiz verilməsi qərara alınmışdır.
Qeyd olunan məqsəd və prinsiplər nəzərə alınmaqla Azərbaycanda özəlləşdirmənin normativ-hüquqi və təşkilati bazası, həmçinin onun təşkilati əsasları yaradılmışdır. Eyni zamanda, Prezidentin fərman və sərəncamları ilə 1996-cı ildən etibarən bir sıra nazirlik, dövlət komitəsi, konsern və şirkətlər ləğv edilmiş, onların tabeliyindəki müəssisə və obyektlər özəlləşdirməyə açıq elan olunmuş, bununla da özəlləşdirmənin daha sürətli və çevik formada aparılması üçün zəmin formalaşdırılmışdır. Vahid dövlət siyasəti olaraq müəssisələrin özəlləşdirilməsi ayrı-ayrı nazirlik və baş idarələrdə əlaqəli şəkildə həyata keçirilmişdir.
Ümumiyyətlə, bu mərhələdə qoyulan əsas məqsəd dövlətin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi təmin etmək, sahibkarlıq sektorunu formalaşdırmaq, əhalinin geniş kütləsini bu prosesə cəlb etmək olmuşdur. Bu istiqamətdə əsas etibarı olaraq  ticarət, ictimai iaşə və xidmət sahələrinin özəlləşdirilməsi təmin edilmişdir.
Özəlləşdirmə prosesi getdikcə iqtisadiyyatın daha geniş və aparıcı sahələrini, nəqliyyat və rabitə, tikinti, kimya, quşçuluq, şərabçılıq və digər aparıcı sahələri əhatə etmişdir.
Bu dövrdə əsasən kiçik obyektlər orda işləyənlərə güzəştli satış yolu ilə, orta və iri müəssisələr hərraclar vasitəsilə və daha əhəmiyyət kəsb edənlər isə  investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmişdir.
Dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 47 minə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi, yarımçıq tikili və nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib, 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətinə (SC) çevrilib və onların səhmləri çek və pul hərraclarında satılıb.
Özəlləşdirilmə prosesində 250 mindən çox səhmdar səhm sahibi olmuş, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. Ümumilikdə 1,2 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada faydalanmışdır. Yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdikləri təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1.1 milyard manat məbləğdə investisiyalar yatırılmış, istehsalın həcmi 1.5 milyard manat artmışdır.
Özəlləşdirmə əhalinin məşğulluğunun təmin edilməsində də əhəmiyyətli rol oynayıb. Hesablamalara görə özəlləşdirilmiş müəssisələrdə 300 mindən çox yeni iş yeri yaradılmışdır.
Bütün sadalananlar Azərbaycan Respublikasının iqtisadi potensialının artması, ölkədə rəqabət mühitinin formalaşması, dövlət müəssisələrinin bir çoxunun fəaliyyətinin yenidən qurulması, müəssisələrdə yeni avadanlıq və texnologiyaların, habelə müasir idarəetmə üsullarının tətbiqi, orta sahibkarlıq təbəqəsinin təşəkkül tapması və bununla da əhalinin həyat və yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Nəticədə ölkənin ÜDM-ində özəl sektorun payı 84 faizə çatmışdır.
Həyata keçirilən özəlləşmə nəticəsində ölkənin ticarət və xidmət, quşçuluq, şərabçılıq, un məhsullarının istehsalı sahələri, mehmanxana, mobil rabitə, tikinti və tikinti materialları sahələri tam olaraq, kənd təsərrüfatında isə bir sıra sahələrin özəl sektora keçərək uğuru fəaliyyəti təmin edilmişdir. Buna misal olaraq, “Qaradağ-Sement” (Holcim (Azərbaycan)), “Bakelektroqaynaq” (Baku Steel Company), “Siyəzən-Broyler”, “Pivə” (Baku Castel Pivə, hazırda isə Baltika Bakı), “Qəbələ Şərab”, “Dəvəçi Broyler”, “Giləzi Quşçuluq”, “Bakı–Tütün” (European Tobacco-Baku), “Azenco”, “Azyolmaş”, “Bakı Yoltexnikatəmir” (Boya istehsalı), “Xanlar Aqrosənaye”, “Gəncə Şərab-2”, “Bakı Şampan Şərabları”, “Bakı Şərab-2”, “Bakı Taxıl”, “Bakı mayesiz transformatorlar”, “Sabunçu Azot-Oksigen”, “Azərmaşavadanlıq”, “Qaradağ Rezin Qarışığı” (Şüşə tara istehsalı), “Neftçala Yod-Brom”, “Gəncə cihazqayırma zavodu”, “Sumqayıt Sənaye İstehsal”, “Respublika Müalicəvi Diaqnostika Mərkəzi”, “Məişət Maye Qaz”, “Azərmətbuatyayımı”, “Bakı Ağırlaşdırıcılar”, “Azərbaycan mehmanxanası” (Hilton Baku hotel), “Moskva-mehmanxana” (Alov Qüllələri), “Həyat Recensi” ("Hyat-Recensi-Naxçıvan"), Bilgəh Sanatoriya (Cümeyrah Bilgəh Beach hotel) hoteli və digər yüzlərlə belə müəssisələrin adını çəkmək olar. Bununla belə mobil operatorlar olan “Azərcell” və “Bakcell” BM-dəki dövlət paylarının, ölkənin ikinci ən böyük bankı olan “Kapital Bankın” özəlləşdirilməsini göstərmək olar. Bir sıra müəssisələrin ərazilərində şəhərsalma, abadlaşdırma işləri ilə bağlı iri layihələr həyata keçirilmiş, parklar salınmış, binalar tikilmişdir.
Özəlləşmə eyni zamanda yerli istehsalın genişlənməsinə, rəqabət qabiliyyətli məhsul istehsalı və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz təsirini göstərmişdir.
Bu müəssisələrdə 100 minlərlə insan işləyir, həmin müəssisələr həm tikinti, həm taxılçılıq, çörək istehsalı, şərabçılıq, quşçuluq, xidmət sahələri, otelçilik sahəsində ölkənin daxili istehsalında əsas yerləri tuturlar.
Bu gün Azərbaycanda genişmiqyaslı özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi prosesinin məntiqi nəticəsi olaraq müəssisələrin əmək kollektivlərinin üzvləri və digər vətəndaşlar işlədikləri, eləcə də maraq doğuran başqa müəssisələrin mülkiyyətçilərinə və səhmdarlarına çevrilmişlər. Hazırda yüz minlərlə səhmdarlar müxtəlif ASC-lərin səhmlərinə malikdirlər. Onlar kooperativ idarəolunma prosesində iştirak edir, ASC-lərin fəaliyyətinin nəticələrindən asılı olaraq müəyyən gəlirlər əldə edirlər.  
Ticarət, xidmət, tikinti, istehlak malları istehsal edən yüngül və yeyinti emal sahələrində dövlət müəssisələrinin özəlləşdirilməsi nəticəsində bazar münasibətləri tam formalaşmış, yerli tələbatın istehsalçılar tərəfindən ödənilməsi təmin olunmuş, bu sahələrə müasir texnologiya, avadanlıq və idarəetmə təcrübəsi cəlb edilmişdir. Nəticədə dövlət bir neçə il öncə çox ciddi məşğul olduğu və bəzi hallarda problemlərlə rastlaşdığı sahələrə aid təsərrüfat qayğılarından azad olmuş, bütün funksiyalar dövlətdən daha çevik və səmərəli sahibkar strukturlarına ötürülmüşdür.
Bəzi hallarda keçmiş bazarların itirilməsi səbəbindən investorlar özəlləşdirdikləri müəssisələrin fəaliyyət profilini bazar konyunkturunun tələblərinə uyğun dəyişir və rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələri yaradır. Buna misal olaraq “Göyçay-Toxucu” (“AzNar” şirə zavodu), “Masallı-Konserv” (“Embawood” mebel fabriki), “Gəncə Ağac Emalı” (“Abşeron” brendli su sayğaclarının istehsalı), “Zaqatala-Tütün” (fındıq emalı sahəsi) səhmdar cəmiyyətlərini misal gətirmək olar.
Məlumdur ki, bu gün Prezident İlham Əliyev tərəfindən geniş özəlləşdirmə proqramının hazırlanması, bu sahəyə investisiyaların cəlb edilməsi barədə tapşırıqlar verilmişdir. Artıq bu istiqamətdə tədbirlər görülməsinə başlanılmışdır – yeni sahələrin özəlləşməyə açılması ilə bağlı iqtisadi təhlillər aparılır və təkliflər hazırlanır. Bu prosesə yerli və xarici investorların cəlb olunması nəzərdə tutulur. Hazırkı mərhələdə əsas məqsəd büdcə yükünün azaldılması və büdcə gəlirlərinin artırılmasıdır. Həmçinin özəlləşdiriləcək müəssisələrin fəaliyyətinin yenidən qurulması, iş yerlərinin açılması, daxili tələbatın təmin edilməsi və ixrac qabiliyyətli malların istehsalı da əsas prioritetdir. Bununla bağlı xarici təcrübə də nəzərdən keçirilir. Artıq beynəlxalq məsləhətçi şirkətlər və ekspertlərin cəlb edilməsi üçün danışıqlara başlanılmışdır. Eyni zamanda özəlləşdirməyə xarici investorların cəlb edilməsi məqsədi ilə iri maliyyə institutları və fondları, strateji investorlarla danışıqların aparılması istiqamətində işlər aparılır.
Eyni zamanda özəlləşdirmə prosesində daha rasional və optimal üsulların tətbiqi və bu üsullara yenidən baxılması nəzərdən keçirilir. Qeyd olunmalıdır ki, bundan sonra  əsasən investisiya müsabiqələri yolu ilə özəlləşdirmə üsuluna üstünlük veriləcək. Burada hər bir müəssisəyə fərdi yanaşmalar tətbiq ediləcək. Özəlləşdiriləcək müəssisələr üzrə investisiya layihələri, açılacaq iş yerləri, habelə müəssisənin iqtisadi fəaliyyəti ilə bağlı xarici investorlara təkliflər veriləcək.
Ümumiyyətlə, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilmə prosesində şəffaflıq və ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Özəlləşdirmə prosesi barədə təbliğat-təşviqat tədbirlərinin həyata keçirilmə forması və qaydası “Dövlət əmlakının özəlləşdirilməsinin II Proqramı”nda da göstərilib. Belə ki, Proqramın 17-ci maddəsinə əsasən, özəlləşdirmənin mahiyyəti, məqsəd və vəzifələri, səhmdarların və müəssisələrin əmək kollektivinin hüquqlarının müdafiəsi, hərraclar, müsabiqələr, onların keçirildiyi yer, vaxt, hərracda iştirak edən səhmdar cəmiyyətlər və müəssisələrə dair, habelə keçirilən hərraclar, müsabiqələr və onların nəticələri barədə komitənin mətbu orqanı “Mülkiyyət” qəzeti və komitənin rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə məlumat verilir. Dövlət əmlakının özəlləşdirilməsi üçün təyin olunan hərracın və ya müsabiqənin keçirilməsinə 30 gün qalmış müvafiq elanlar dərc edilir və həmin elan rəsmi saytda verilir. Hərrac və müsabiqələrin nəticələri isə hərrac və müsabiqənin baş tutduğu gündən sonra 15 gün müddətində dərc edilir. Hərraca çıxarılacaq müəssisə və ya səhmdar cəmiyyət barədə elanda onun yerləşdiyi torpaq sahəsi, üzərindəki tikilinin xarakteristikası, satış üsulu, səhmlərin həcmi, nominal dəyəri, buraxdığı məhsullar və əmək kollektivi barədə məlumatlar əks olunur. Nəticələrdə isə müəssisənin ünvanı, dövlət büdcəsinə ödənilməli vəsaitin məbləği, satılmış səhmin miqdarı və növü, hesablaşma qaydası kimi məlumatlar verilir. Həmçinin müəssisələrin iqtisadi, texniki və maliyyə-təsərrüfat göstəriciləri, onların illik hesabatları “Mülkiyyət” qəzetində dərc edilir.
Dövlət əmlakının özəlləşdirilməsində 2012-ci ildən başlayaraq elektron xidmətlər də tətbiq olunur. Komitənin 31 elektron xidmətindən 8-i məhz hərraclarda iştirakla bağlıdır. Bu xidmətlərə səhmdar cəmiyyətlərinin səhmlərinin, kiçik və orta müəssisələrin, dövlətin balansında olan nəqliyyat vasitələrinin, müsadirə edilmiş əmlakların satışı, əmək kollektivi üzvlərinə güzəştli satışa dair hərraclarda iştirak üçün müraciətlərin qəbulu aiddir. Belə xidmətlər komitənin elektron xidmətlər portalı və ya “Elektron hökumət” portalı üzərindən vətəndaşlara və digər istifadəçilərə təqdim olunur.
İndiyədək özəlləşdirmə prosesi dövlət əmlakının özəlləşdirilməsinin I və II dövlət proqramına və bu sahəni tənzimləyən qanuna əsasən aparılıb. Əsas məqsəd dövlət mülkiyyətinin özəl mülkiyyətə transformasiya edilməsi idi ki, buna da nail olunmuşdur. Hazırda özəl sektorun ÜDM-da xüsusi çəkisinin 80 faizdən çox olması bunun əyani təsdiqidir.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png