az en

Azərbaycan Avropa ilə Asiya arasında dəhlizdir və hazırda iri logistika mərkəzinə çevrilməkdədir

Azərbaycan Avropa ilə Asiya arasında çoxşaxəli logistik qovşaqdır

Avropa ilə Asiya arasında körpü rolu oynayan Azərbaycan çox böyük tranzit imkanlarına malikdir. Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yollar məhz Azərbaycandan keçdiyi üçün ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevrilir.

Azərbaycanın bütün Avrasiya regionu üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilməsində ölkəmizin əlverişli coğrafi mövqeyi, burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması, o cümlədən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da mühüm rol oynayır.

Son illər Azərbaycanın nəqliyyat sektorunda bir sıra irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində ölkənin xarici iqtisadi əlaqələri genişlənib. Tikintisi bu il başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmiryol xətti Avropa və Asiya ölkələri arasında yük daşınmasında tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artıracaq. Bu marşrut Asiya və Avropa ölkələrini birləşdirəcək ən qısa yoldur və onunla hər il 30 milyon ton yük daşınması gözlənilir.

Tarixi Böyük İpək yolu təxminən 2 min il ərzində Qərblə Şərqi birləşdirən böyük ticarət marşrutu olub. Bu yol bir sıra ölkələrin ərazilərindən keçib və həmin dövlətlərin iqtisadi, mədəni inkişafında mühüm rol oynayıb. Azərbaycan hələ o vaxtlar bu nəhəng ticarət və nəqliyyat qovşağının bir hissəsi idi. «Tarixi ipək yolu»nun bərpasında əsas strateji məqsədləri aşağıdakılardır:

1.Bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi;

2.Nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, yük və sərnişinlərin beynəlxalq daşınmasının həyata keçirilməsi;

3.Tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması;

4.Yükdaşıma müddətinin qısaldılması;

5.Nəqliyyat sahəsində müvafiq siyasətin hazırlanması;

6.Daşıma tarifləri və güzəştlərin müəyyən edilməsi;

7.Müxtəlif nəqliyyat növləri arasında əlaqələrin tənzimlənməsi;

8.Yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasətin aparılması;

9.Çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması

Böyük İpək yolunun bərpası layihəsi TRACECA (Transport Corridor Europe Caucasus Asia) adlanır. Layihəni 1993-cü ilin mayında Brüssel konfransında Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqil dövlətlərinin razılığı ilə Avropa Şurası qəbul etmişdir.

2014-cü ilin avqustundan etibarən tarixi İpək Yolunun bərpası üzrə işlərə başlanılıb. Beynəlxalq Transxəzər nəqliyyat marşrutu ilə birinci sınaq konteyner qatarı Çindən Bakı limanına qədər 4768 kilometr (o cümlədən dəmiryolu ilə 4258 kilometr və dəniz yolu ilə 510 kilometr) məsafə qət edib. Buradan isə Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya istiqamət götürüb.

İpək yolunun bərpasından sonra ölkəmizdən tranzit yüklərin daşınması ilbəil artır. Təkcə cari ilin yanvar-iyun aylarında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 28,1 milyon ton yük, 149,4 milyon  sərnişin daşınıb. Yüklərin 14 milyon tonu və ya 49,7 faizi avtomobil, 9,5 milyon tonu və ya 33,9 faizi dəmir yolu, 4,6 milyon tonu və ya 16,4 faizi dəniz nəqliyyatları ilə həyata keçirilib. Yük daşımaları fəaliyyətindən 242,5 milyon, sərnişin daşınmasından 52,3 milyon manat gəlir əldə edilib ki, bu da ötən ilin müvafiq  dövründəkindən müvafiq olaraq 7,1 və 12,6 faiz çoxdur. Eyni zamanda, Xəzəryanı ölkələrdən tranzit yolla Köhnə Dünya istiqamətində daşınan karbohidrogen xammalın beşdə dörd hissəsindən çoxu bu dəhlizin payına düşür.

Bu il Ukrayna da Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşularaq Çinə 10 vaqon və 20 konteyner yük göndərib. Sınaq qatarı Qara dənizlə Gürcüstanın Poti limanına, sonra dəmiryolu ilə Bakıya, buradan isə Xəzər dənizi vasitəsilə Qazaxıstanın Aktau limanına və nəhayət, Çinə çatıb.

Marşrutun uğurlu test sınağından sonra Ukrayna və Litva “Vikinq” konteyner qatarının Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə qoşulması barədə memorandum imzalayıblar. Bu, ondan xəbər verir ki, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Çinlə yanaşı, Avropa İttifaqı ölkələri də İpək Yoluna qoşulacaqlar. Yəqin ki, gələcəkdə Koreya Respublikası da bu sərfəli nəqliyyat dəhlizindən bəhrələnə biləcək.

Hazırda Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə yola sərf edilən vaxt təqribən 11 gün çəkir. Gələcəkdə isə bu müddətin 10 günədək azaldılması gözlənilir.

Bu il yanvarın 14-də Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna TRACECA dəhlizinin strateji tərkib hissəsi olan və ildə 15 milyon tondan çox yükdaşıma potensialına malik transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımalar üçün rəqabət qabiliyyətli güzəştli tariflər müəyyən edilməsi barədə protokol imzalayıblar.

Beynəlxalq yükdaşımalarda hava nəqliyyatı da iştirak edir. Məsələn, Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti bu yaxınlarda Bakı ilə Yaponiyanın Komatsu şəhəri arasında birbaşa yük hava yolu açıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan Komatsu hava limanına ilk reys həyata keçirən təyyarədə 34 ton kommersiya yükü olub. “Silk Way West Airlines” aviaşirkəti bu marşrutla ən müasir “Boeing 747-8F Freighter” yük təyyarələri ilə həftədə iki dəfə müntəzəm reyslər həyata keçirəcək.

Azərbaycanda logistik nəqliyyat mərkəzinin yaradılması məqsədilə bərələr, tankerlər, quru yük gəmiləri, təyyarələr alınıb. Ticarət təyinatlı nəqliyyat marşrutlarının Azərbaycandan keçməsi ölkəmizə həm siyasi, həm də iqtisadi dividentlər gətirir. Gələcəkdə isə bu amil bütün Avrasiya regionunun firavanlığına xidmət edəcək.

http://azertag.az

http://arxiv.az

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png