az en
“DAŞKƏSƏN FİLİZSAFLAŞDIRMA” SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI  ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN  ELANI

“DAŞKƏSƏN FİLİZSAFLAŞDIRMA” SƏHMDAR CƏMİYYƏTİNİN SƏHMLƏRİNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİNİN ELANI

“Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli 2198 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) nizamnamə kapitalının 99,22%-nin satışı üzrə (səhmlərin 0,78%-i əmək kollektivi üzvləri tərəfindən güzəştli satış vasitəsilə alınmışdır) investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi tanınan yerli investorlarla yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində investisiyanın maksimum həcmi və onun səmərəli qoyuluşuna dair daha əlverişli təkliflər təqdim etmiş iddiaçıya üstünlük veriləcəkdir.

 

1. Səhmdar cəmiyyəti haqqında məlumat

(01 noyabr 2016-cı il tarixinə)

 

Hüquqi ünvanı: Azərbaycan Respublikası, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi,1

Səhmdar cəmiyyətinin əsas fəaliyyət növü: dəmir filizlərinin hasilatı və emalı

Nizamnamə kapitalı: 1.063.140,00 (bir milyon altmış üç min bir yüz qırx) manat

Buraxılmış səhmlərin sayı: 531.570 (beş yüz otuz bir min beş yüz yetmiş) ədəd

Buraxılmış səhmlərin növü:  sənədsiz adlı

Bir səhmin nominal dəyəri: 2 (iki) manat

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı: 527.447 (beş yüz iyirmi yeddi min dörd yüz qırx yeddi) ədəd

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin ümumi nominal dəyəri: 1.054.894 (bir milyon əlli dörd min səkkiz  yüz  doxsan dörd) manat                                                                               

Əhatə etdiyi sahə və torpaq sahəsi üzərindəki tikililərin xarakteristikası: səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospekti) göstərilmişdir

Səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı:  yoxdur

Qeyri-maddi aktivlər:  yoxdur

İstismara verildiyi il:  1954

İşçilərin sayı: 316 (üç yüz on altı) nəfər

Səhmdar cəmiyyətinin öhdəlikləri: 16.613.319 (on altı milyon altı yüz on üç min üç yüz on doqquz) manat

o cümlədən:

Əmək haqqı və ona bərabər tutulan

borclar:  652.164 (altı yüz əlli iki min bir yüz altmış dörd) manat

Dövlət büdcəsinə olan borclar: 4.555.497 (dörd milyon beş yüz əlli beş min dörd yüz doxsan yeddi) manat       

DSMF-yə olan borclar: 2.032.852 (iki milyon otuz iki min səkkiz yüz əlli iki) manat

Dövlət xidmətlərinə görə dövlət müəssisələrinə (elektrik enerjisi, qaz, su, kanalizasiya,dəmir yolu daşımaları) olan borclar:  1.666.447 (bir milyon altı yüz altmış altı min dörd yüz qırx yeddi) manat

Mal, iş və xidmətlərə görə qeyri-dövlət müəssisələrinə olan borclar:  155.971 (bir yüz əlli beş min doqquz yüz yetmiş bir) manat

Alınmış kreditlərə və onlara hesablanmış faizlərə görə borclar:  2.042.524 (iki milyon qırx iki min beş yüz iyirmi dörd) manat        

Sair borclar: 5.507.864 (beş milyon beş yüz yeddi min səkkiz yüz altmış dörd) manat

Debitor borcları:  3.556.983 (üç milyon beş yüz əlli altı min doqquz yüz səksən üç) manat

 

2. İddiaçılar qarşısında qoyulan şərt və tələblər

 

2.1 Müəssisənin istifadəsində olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin edən klasterin yaradılması məqsədi ilə aşağıdakı məsələləri özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 600.000.000 (altı yüz milyon) ABŞdollarının manatla ekvivalentindən az olmayan 3 il ərzində icra olunacaq İnvestisiya proqramının (biznes plan) təqdim edilməsi:

2.1.1 səhmdar cəmiyyətinin istifadəsində olan yataqlardakı dəmir filizinin mövcud qanunvericiliyə uyğun olaraq təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla illik hasilatının həcmi ilə bağlı təklif;

2.1.2 rəqabət qabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixrac yönümlü son məhsul istehsalının ölkə daxilində təşkil edilməsi ilə bağlı qurulacaq istehsal zəncirinə daxil olan müəssisələrə və onların istehsal gücünə dair təklif;

2.1.3  istehsal olunacaq hazır məhsulların çeşidinə dair (məsələn, ikitavr, polad künclük, şveller, pəstah, dəmir lövhə, boyalı/boyasız rulonlar və s.) təklif;

2.1.4 müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işlərinə dair təklif;

2.1.5 yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təklif;

2.1.6 yeni iş yerlərinin yaradılmasına dair təkliflər (1.000 iş yerindən az olmayaraq);

2.1.7 istehsal olunacaq məhsulların satış bazarları haqqında təklif;

2.1.8 təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5 (beş) %-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsi və ondan istifadəyə dair təklif (məbləğ qeyd olunmaqla).

2.2 Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklifin verilməsi. Təklifin minimal həddi 110.000.000 (bir yüz on milyon) manat müəyyən edilməklə, maksimal həddi iddiaçılar tərəfindən təklif olunmalıdır. 

 

3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

           

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə.

 3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 10.000.000 (on milyon) manat məbləğində vəsaitin beh olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə zəmanət məktubu (bank qarantiyasının forması satıcı tərəfindən müəyyən edilir). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğlər isə geri qaytarılacaqdır.

3.3. Ümumi məlumatlar/sənədlər:

 - nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;

 - iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;

 - təsis müqaviləsinin (olduqda) notarial qaydada təsdiqlənmiş surəti;

 - müəssisənin fəaliyyətini əks etdirən məlumat toplusu və son üç maliyyə ilinin audit olunmuş maliyyə hesabatları;

 - Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici hüquqi şəxslər üçün);

 - iddiaçının 5%-dən artıq kapitalına malik olan səhmdarlarının (benefisiarlarının) siyahısı.

3.4. İnvestisiya və kommersiya məlumatları/sənədləri:

Aşağıdakı sənədlər iddiaçılar tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı (biznes-plan) - ətraflı məlumat 2.1-ci bəndində verilmişdir;

- Dövlət büdcəsinə ödəniləcək pul vəsaitinin məbləği və ödəniş qrafikinə dair təklif - ətraflı məlumat 2.2. və 5.1-ci bəndlərdə verilmişdir.

3.5. Bu elanın 3.1-3.3-cü bəndlərində sadalanan sənədlər açıq zərflərdə, 3.4-cü bəndində sadalanan sənədlər isə qapalı möhürlənmiş zərfdə təqdim edilməlidirlər. Xarici dildə olan sənədlər həmin sənədlərin Azərbaycan dilinə tərcümə edilmiş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidir. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

 

4. İnvestisiya müsabiqəsinin keçirilməsi

 

4.1. İnvestisiya müsabiqəsinin başlanması hazırkı elanın dərc edilmə tarixindən hesablanır.

4.2. İddiaçıların ərizə və təkliflərinin qəbulu 31 yanvar 2017-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək bu ünvanda aparılacaqdır: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 802.

4.3. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasında 02 fevral 2017-ci il, saat 1500-dan başlayaraq həyata keçiriləcəkdir.

4.4. Müsabiqə nəticələri haqqında protokol qalib müəyyən olunduqdan sonrakı 3 gün müddətində təsdiq ediləcəkdir.

4.5. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin layihəsi ilə bağlı müzakirələr müsabiqə nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən başlanmalıdır.

4.6. İddiaçılar səhmdar cəmiyyətinin Özəlləşdirmə planı (Emissiya prospekti) ilə Əmlak Məsələləri Dövlət Komitəsində yaradılmış Məlumat Otağında tanış ola bilərlər. İnvestisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 31 yanvar 2017-ci il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50, Əmlak Məsələləri Dövlət Komitəsi, otaq 802, tel.: 490 24 08 (əlavə 207).

4.7. Səhmdar cəmiyyəti ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyətə malik strateji müəssisə olduğu üçün müsabiqə barədə əlavə məlumat iddiaçılara rəsmi sorğu əsasında təqdim ediləcək və bu məqsədlə iddiaçılar Əmlak Məsələləri Dövlət Komitəsi və onun məsləhətçisi ilə məlumatların yayılmaması (məxfilik) barədə üçtərəfli müqavilə imzalayacaqlar.

 

5. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

 

5.1. Müsabiqənin qalibi alqı-satqı müqaviləsi imzalandığı tarixdən aşağıdakıları təmin etməlidir:

-    180 (bir yüz səksən) təqvim günü müddətində dövlət büdcəsinə ödəmək üçün təklif etdiyi pul vəsaitini təyinatı üzrə köçürülməsini;

-    60 (altmış) təqvim günü müddətində səhmdar cəmiyyətinin əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərin həyata keçirilməsini;

-    90 (doxsan) təqvim günü müddətində təklif etdiyi investisiya həcminin ümumi məbləğinin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5 (beş) %-ə qədər olan hissəsinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;

-    səhmdar cəmiyyətinin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının ödənilməsini;

-    15 (on beş) təqvim günü müddətində bu layihənin icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cəlb olunmuş məsləhətçi şirkətinin xidmətlərinin bütün vergilər və məcburi ödənişlər daxil olmaqla 160.000 (bir yüz altmış min) manat təşkil edən dəyərinin ödənilməsini;

-    müqavilədə razılaşdırılacaq digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png