az en
Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 4-ü dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi. Bu dəfə də Elektron hərrac sistemindən istifadə edən vətəndaşlar əlavə vaxt itirmədən, məşğuliyyətdən uzaqlaşmadan seçdikləri dövlət əmlakının sifarişçisinə çevrildi. Şəffaflıq və məmnunluq prinsipləri əsasında yaradılan şərait  hərracda iştirakçıların fəallığını təmin etdi. Özəlləşməyə çıxarılan dövlət əmlaklarından 15-i hərracda öz sahibini tapdı. 4-ü kiçik dövlət müəssisə və obyekti, 4-ü qeyri-yaşayış sahəsi və 7-si nəqliyyat vasitəsi olan dövlət əmlakları üzrə ümumilikdə 21 sifariş qəbul edilmişdir. Verilən sifarişlərin özəlləşdirilən dövlət əmlaklarından çox olması hərracı rəqabətli etdi.

Ofis və xidmət obyekti kimi istifadə üçün uyğun olan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, A.İsgəndərov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 36.9 kv.m olan bu obyektin hərracında 2 sifarişçinin mübarizəsi təyin olunan qiyməti 2 dəfədən çox yüksəltdi. Belə ki, qalib iştirakçı ilkin qiyməti 13 min 500 manat olan əmlak üçün 28 min manat təklif etdi. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 9 ünvanındakı obyektin ümumi faydalı sahəsi isə 88.8 kv.m-dir. Paytaxt üzrə özəlləşdirilən digər qeyri-yaşayış sahələri isə Suraxanı rayonu ərazisində yerləşir.

Nəqliyyat vasitələri üzrə geniş seçim imkanı vətəndaşların bu növ dövlət əmlakları üzrə hərraclarda iştirak marağını artırır. Bu dəfə özəlləşdirilən 7 avtomobildən 3-nə ümumilikdə 8 sifariş verilmişdir. Belə ki, rəqabətli hərracda buraxılış ili 2006, ilkin hərrac qiyməti 3 min manat olan Vaz markalı avtomobil üçün iştirakçılardan biri 4 min 350 manat təklif etdi. Özəlləşdirilən digər avtomobillər isə  BMW, Mercedes, Vaz və Nissan markalarına aiddir.

Kiçik dövlət müəssisə və obyektlərindən biri paytaxtın  Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsindəki 7 saylı Stomatoloji poliklinikadır. Yüksək iqtisadi potensiala malik əmlakın ümumi faydalı sahəsi 418.9 kv.m-dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən obyekt investorun seçdiyi biznes sahəsi üzrə gəlirli fəaliyyətə imkan verir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən mağaza isə sahibkarlıq fəaliyyəti üçün uyğun seçimdir. Adı çəkilən bu əmlakın ümumi faydalı sahəsi 217.8 kv.m-dir. Özəlləşdirilən digər kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda və Şəmkirin Xuluf kəndində yerləşir.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac dekabrın 11-i keçiriləcək. Hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 35-i kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 7-si nəqliyyat vasitəsi, 20-si isə səhmdar cəmiyyətidir. Dövlət əmlakları ilə tanış olmaq və hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png