az en

Vergilər Və Gömrük Taarifləri

Vergi sistemi haqqında ümumi məlumatlar

Azərbaycan Respublikasında dövlət vergiləri, muxtar respublika vergiləri, yerli vergilər (bələdiyyə vergiləri) müəyyən edilir və ödənilir.

Dövlət vergiləri dedikdə, Azərbacan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.

Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

Yerli vergilər (bələdiyyə vergiləri)dedikdə bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.

Vergi məbləğləri aşağıdakı formalarda tutulur:

bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması);

bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması);

Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).

Dövlət vergilərinə aşağıdakılar aiddir:

1) fiziki şəxslərin gəlir vergisi – 14% (2500 manatadək), 25% (2500 mantdan yuxarı);

2) hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa) – 20%;

3) əlavə dəyər vergisi – 18%;

4) aksizlər;

5) hüquqi şəxslərin əmlak vergisi – 1%;

6) hüquqi şəxslərin torpaq vergisi;

7) yol vergisi;

8) mədən vergisi;

9) sadələşdirilmiş vergi.

Bütün dövlət vergilərinin dərəcələrinin ən yüksək hədləri qanunvericiliklə müəyyən edilir. Dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Azərbaycan Respublikası qanunverciliyi ilə müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər.

Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan yuxarıda sadalanan dövlət vergiləri aiddir.Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır:

1) fiziki şəxslərin torpaq vergisi;

2) fiziki şəxslərin əmlak vergisi;

3)yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

4)bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır:

– öz qanunvericliyinə görə vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər;

– öz qanunvericliyinə görə vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər;

– Azərbaycan Respublikasının dövlət vergi orqanları;

– Azərbaycan Respublikasının gömrük orqanları;

– vergi qanunvericiliyi ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları;

– dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər.

Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:

1) vergitutma obyekti;

2) vergitutma bazası;

3) vergi dövrü;

4) vergi dərəcəsi;

5) verginin hesablanması qaydası;

6) verginin ödənilməsi qaydası və müddəti.

Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər.Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.

Vergitutma bazası – vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.

Gömrük tarifi haqqında

Xüsusi, antidempinq və kompensasiya rüsumları

Azərbaycan Respublikasının iqtisadi maraqlarını qorumaq məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) idxal edilən mallara müvəqqəti olaraq gömrük rüsumlarının aşağıdakı növləri tətbiq oluna bilər:

  • xüsusi rüsumlar;
  • antidempinq rüsumları;
  • kompensasiya rüsumları.
  • Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq edilir:
  • mallar gömrük ərazisinə eyni malların yerli istehsalçılarına ziyan vuran və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildikdə, müdafiə tədbiri kimi;
  • digər dövlətlərin və ya onların ittifaqlarının Azərbaycan Respublikasının maraqlarına toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.

Antidempinq rüsumları idxal olunan malların qiyməti gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda və belə bir idxal eyni malların yerli istehsalçılarına ziyan vurduqda və ya ziyan vurmaq təhlükəsi yaratdıqda, Azərbaycan Respublikasında onların istehsalının təşkilinə və ya genişləndirilməsinə maneə törətdikdə tətbiq edilir.

Kompensasiya rüsumları gömrük ərazisinə gətirilən malların ixrac ölkəsində istehsalı və ya həmin ölkədən ixracı zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə idxal bu cür malların yerli istehsalçılarına ziyan vurduqda və ya ziyan vurmaq təhlükəsi yaratdıqda, bu malların istehsalının təşkilinə və genişləndirilməsinə maneə törətdikdə tətbiq edilir.

Xüsusi, antidempinq və ya kompensasiya rüsumlarının formalaşdırılması və tətbiqi qaydası müvafiq qanunla müəyyən olunur.

Tarif güzəştləri və preferensiyaları

İstehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etmək məqsədi ilə istehsal təyinatlı xammalın və müasir texnologiyanı təmin edən avadanlığın idxalına konkret dövr üçün nəzərdə tutulan tarif güzəştləri tətbiq edə bilər.

Mallar üzrə tarif preferensiyaları qanunvericilikdə və Azərbaycan Respublikasının xarici ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda həmin ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə qarşılıqlı və ya birtərəfli qaydada tətbiq edilir.

Gömrük rüsumlarından azad etmə

Aşağıdakılar gömrük rüsumlarından azad edilirlər:

  • yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün zəruri olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq, dərman vasitələri və digər əmlak;
  • dənizdə balıq ovlayan Azərbaycan Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək üçün gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq, dərman vasitələri və digər əmlak, habelə həmin gəmilərdə gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;
  • xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-rezidentlər üçün Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük güzəştləri çərçivəsində gömrük sərhədindən keçirilən mallar;
  • gömrük ərazisindən çıxarılan və bu əraziyə gətirilən Azərbaycan Respublikasının milli valyutası, xarici valyuta və qiymətli kağızlar;
  • qanunla müəyyən edilmiş hallarda dövlətin mülkiyyətinə keçirilməli olan mallar;
  • yardım yükü kimi gətirilən, təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar, habelə məktəblər, məktəbəqədər təhsil müəssisələri və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;
  • texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyəçilik məqsədi ilə dövlətlərin və ya beynəlxalq təşkilatların xətti ilə gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;
  • üçüncü ölkələr üçün nəzərdə tutulan və gömrük ərazisindən gömrük nəzarəti ilə tranzit xüsusi gömrük proseduru altında keçən mallar;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar;
  • gömrük ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri;
  • yığma idman komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı və malları;
  • əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər;
  • mallar (aksizli mallar istisna olmaqla) gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan gömrük ərazisi xaricinə ixrac edildikdə;
  • xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə gömrük ərazisinə müvəqqəti idxal edildikdə;
  • gömrük ərazisində mallar xüsusi iqtisadi zonalar arasında idxal və ixrac edildikdə;
  • Gömrük Məcəlləsi ilə müəyyən edilmiş müvafiq gömrük prosedurlarına əsasən gömrük rüsumundan azad və ya qismən azad olunmuş mallar.

Gömrük vergisi

Birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün Azərbaycan Respublikasına gətirilən əmlak gömrük rüsumundan azad edilir və ondan idxal vergisi tutulmur.

Xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak gömrük rüsumundan azad edilir.

Sığorta

Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi sığortalama nəzərdə tutulmadıqda, xarici investisiyalı müəssisə öz əmlakının, istehsal, maliyyə və başqa risklərinin sığortalanıb-sığortalanmayacağını özü həll edir.

Vergitutma

Xarici investisiyalı müəssisələr, habelə xarici investorlar Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən vergiləri ödəyirlər.

http://www.minenergy.gov.az/

http://www.president.az/

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png