az en

İnvestisiyaların Qorunması

Xarici investisiyanın hüquqi müdafiəsi

Azərbaycan Respublikasının ərazisində xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə müdafiə Azərbaycan Respublikasının bu Qanunu, başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə təmin olunur.

Qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təminatlar

Azərbaycan Respublikasının sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə on il ərzində xarici investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir.

Bu müddəa müdafiənin, milli təhlükəsizliyin və ictimai qaydanın təmin olunması, vergitutma, kredit və maliyyə, ətraf mühitin, əhalinin əxlaq və sağlamlığının mühafizəsi barəsində Azərbaycan Respublikası qanunvericiliyinin dəyişdirilməsinə şamil edilmir.

Milliləşdirmə və rekvizisiya ilə bağlı təminatlar

Azərbaycan Respublikasında xarici investisiya, Azərbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər vuran müstəsna hallar istisna olmaqla, milliləşdirilmir.

Təbii fəlakət, qəza, epidemiya, epizootiya və fövqəladə xarakter daşıyan başqa hallar istisna olmaqla, xarici investisiya rekvizisiya edilmir.

Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Nazirlər Kabineti qəbul edir.

Milliləşdirmə və rekvizisiya tədbirləri görüldükdə xarici investora təxirə salınmadan müqabil və səmərəli kompensasiya ödənilir.

Xarici investorların zərərinin kompensasiya edilməsi və ödənilməsi

Xarici investorlara ödənilən kompensasiya investisiyanın milliləşdirmə və ya rekvizisiya haqqında qərarın qəbul olunduğu vaxtdakı real dəyərinə uyğun olmalıdır.

Kompensasiya xarici valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə göçürülə bilər.

Xarici investorlar dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan hərəkətləri nəticəsində düşdükləri zərərin, o cümlədən itirdikləri faydanın ödənilməsi hüququna malikdirlər.

Kompensasiyanın və zərərin ödənilməsi məbləğləri, bunun ödənilməsi müddətləri və qaydası haqqında mübahisələr məhkəmədə, habelə tərəflərin sazişi və ya Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi ilə nəzərdə tutulmuş hallarda münsiflər məhkəməsində həll olunur.

İnvestisiya fəaliyyətinə xitam verildikdə təminatlar

İnvestisiya fəaliyyətinə xitam verildikdə xarici investorun hüququ var ki, ona çatası investisiyanı və investisiya ilə əlaqədar gəlirləri investisiya fəaliyyətinə xitam verildiyi zaman real dəyər üzrə pul və əmtəə formasında alsın.

Xarici valyuta ilə gəlirlərin və başqa məbləğlərin köçürülməsinə təminatlar

Müvafiq vergi və rüsumları ödədikdən sonra xarici investorların investisiya ilə əlaqədar qanuni əsaslarla xarici valyuta şəklində əldə etdikləri gəlirləri və başqa məbləğləri, o cümlədən kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini xaricə köçürməsinə təminat verilir.

Mənfəətdən istifadə üçün təminatlar

Azərbaycan Respublikası ərazisində xarici investorların götürdükləri mənfəət həmin pul vahidi şəklində yenidən investisiya kimi qoyula bilər, Azərbaycan Respublikasının banklarında saxlana bilər, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və şərtlərlə xarici valyuta almaq üçün sərf edilə bilər.

http://www.minenergy.gov.az

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png