az en

Bank Kredit Siyasəti

Banklarda kreditlərin verilməsi qaydalarından çıxarış

4. Kreditlərin verilməsi üzrə bankdaxili qaydalar

4.1. Kreditlərin verilməsi üzrə bankdaxili qaydalar kredit işini hərtərəfli tənzimləməli və kredit əməliyyatları aparılan zaman işdə rəhbər tutulmalıdır. Hər bir bank kreditlərin verilməsi üzrə bankdaxili qaydalarda apardığı kredit əməliyyatlarının xarakterini və mürəkkəbliyini nəzərə alaraq aşağıdakı məsələləri əks etdirməlidir:

4.1.1. Səlahiyyət bölgüsü. Bankdaxili qaydalarda kreditlərin verilməsi funksiyasını yerinə yetirən strukturların dəqiq səlahiyyət bölgüsü müəyyən edilməlidir. Bankdaxili strukturlara və ayrı-ayrı əməkdaşlara kredit sifarişlərinə rəy verilməsi və müvafiq qərarın qəbul edilməsi səlahiyyəti verilərkən qüvvədə olan bank qanunvericiliyinin tələbləri, əməkdaşların iş təcrübəsi və ixtisas səviyyəsi nəzərə alınmalıdır. Maraqlar münaqişəsinin yaranmasına yol verməmək məqsədilə bankda kredit riskinin qiymətləndirilməsi, o cümlədən kreditlərin təsnifləşdirilməsi funksiyası kredit portfelinin keyfiyyətinə, habelə normativlərə, prudensial hesabatlığa, bankdaxili tələb və limitlərin icrasına nəzarət funksiyasından müstəqil olmalıdır. Bank qeyd olunan funksiyaların yerinə yetirilməsi üçün məsul şəxslər və ya struktur bölmələr müəyyən etməlidir. Bankın rəhbərliyi təşviqetmə siyasəti ilə kredit siyasəti arasında ziddiyyətin yaranmasına yol verməməlidir (müəyyən olunmuş kredit limitlərinə riayət etmədən verilmiş kreditlərin sayının və məbləğlərinin artırılması əlavə mükafatlandırılmamalıdır).

4.1.2. Kreditlər üzrə limitlər və kreditlərin cəmləşməsi. Bankdaxili qaydalar kreditlərin bütün məlum cəmləşmələri üzrə (kreditlərin növləri, aidiyyəti olan şəxslər, iqtisadiyyatın sektorları, coğrafi zonalar və s.) limitlər, müntəzəm monitorinq və hesabat tərtib edilməsi ilə əlaqədar tələbləri müəyyən etməlidir. Limitlər müəyyənləşdirilərkən bank tərəfindən hər bir kredit növü üzrə tələb olunan gəlirlik səviyyəsi və kredit portfelinin, habelə kreditlərin verilməsi üçün cəlb edilmiş vəsaitlərin həssaslığının qiymətləndirilməsinin nəticələri nəzərə alınmalıdır. Bankdaxili qaydalarda kredit portfelinə və ya məcmu kapitala nisbətdə bank tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi prudensial tələblər nəzərə alınmaqla ən azı aşağıdakı limitlər müəyyən edilməlidir:

4.1.2.1. hər bir növü üzrə kreditin maksimum məbləği və növlər üzrə kreditlərin cəmləşməsi;

4.1.2.2. kreditlərin ümumi həcminin depozitlərin həcminə nisbəti;

4.1.2.3. kreditlərin ümumi həcminin depozitlərin və cəlb edilmiş digər vəsaitlərin cəminə nisbəti;

4.1.2.4. bir borcalan və bir-biri ilə əlaqəli borcalanlar qrupu üzrə kreditin maksimum məbləği və bu cür kreditlərin cəmləşməsi;

4.1.2.5. coğrafi yerləşmə üzrə kreditlərin cəmləşməsi, o cümlədən bir ölkə və ya bir-biri ilə sıx əlaqədə olan ölkələr üzrə cəmləşmə;

4.1.2.6. kreditlərin əsas valyuta növləri üzrə cəmləşməsi;

4.1.2.7. aidiyyəti olan şəxslərə verilən kreditin maksimum məbləğ və bu cür kreditlərin cəmləşməsi;

4.1.2.8. borcalanlar statusu üzrə kreditlərin cəmləşməsi (hüquqi, fiziki şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər);

4.1.2.9. təminatın növü üzrə cəmləşmə (daşınmaz əmlak, qiymətli kağızlar və s.);

4.1.2.10. eyni ödəmə müddətləri olan kreditlərin cəmləşməsi;

4.1.2.11. təminatçısı eyni olan kreditlərin cəmləşməsi;

4.1.2.12. qeyri-işlək kreditlərin cəmləşməsi;

4.1.2.13. təminatsız (blank) kreditlərin maksimum məbləği və bu cür kreditlərin cəmləşməsi;

4.1.2.14. filial tərəfindən verilən kreditlərin maksimum məbləği və bu cür kreditlərin cəmləşməsi (filiala bu növ əməliyyatlara icazə verildikdə). Kreditlərin mühüm cəmləşməsi barədə rəhbərliyə mütəmadi olaraq məlumat təqdim olunmalıdır. Müəyyən olunmuş limitlərdən artıq məbləğdə, habelə bank üçün yeni olan sahəyə kreditlər yalnız Müşahidə Şurasının razılığı əsasında verilməlidir. Belə kreditlər verilərkən bankın üzərinə götürdüyü riskin qiymətləndirilməsi və monitorinqi üçün əlavə prosedurlar olmalıdır.

4.1.3. Kreditləşmə sahələri və növləri. Kredit strategiyasına əsasən və müxtəlif kredit növlərinin xüsusiyyətləri nəzərə alınmaqla bank hər bir kredit növü üzrə kreditlərin verilməsi, monitorinqi və onlara nəzarət üzrə fərqli qaydalar müəyyən etməlidir. Bankın mövcud kredit strategiyasında nəzərdə tutulmayan digər kredit növlərinə tələbat yarandıqda onların verilməsi üzrə prosedurlar müəyyən edilməlidir. Qeyri-rezidentlərə və respublikadan kənarda fəaliyyət göstərən şəxslərə kreditlər verilərkən bank tərəfindən kreditorun mənşə və ya fəaliyyət göstərdiyi ölkə ilə bağlı riskin ölçülməsi və monitorinqi üzrə prosedurlar bankdaxili qaydalarda öz əksini tapmalıdır.

Kreditləri xarici valyutada verildikdə (ölkədaxilində və ölkədənkənar) belə kreditlərlə bağlı yaranan xarici valyuta riski, habelə beynəlxalq əməliyyatlarda yaranan transfer riski də nəzərə alınmalıdır. Bank kreditin məqsədyönlü istifadəsini müəyyən etmək məqsədilə kredit sifarişinin qiymətləndirilməsi zamanı müştərilərin fəaliyyətinin təhlilini aparmalı, habelə kreditə xidmət dövründə bu fəaliyyətin daimi monitorinqini həyata keçirməli və müvafiq tədbilər görməlidir. Bank tərəfindən müştəri fəaliyyəti təhlil edilərkən Bank nəzarəti üzrə Bazel Komitəsinin “Müstərini Tanı” standartını rəhbər tutmalıdır.

4.1.4. Kreditlərin ödəniş müddətləri və şərtləri. Kreditin (əsas borc və faiz məbləğləri) ödəniş müddəti kreditin məqsədindən, növündən, ödəmə mənbəyindən, borcalanın fəaliyyətinin mövsümi/dövri xarakterindən, habelə real pul axınlarının proqnozundan asılı olaraq müəyyən edilməlidir. Bankdaxili qaydalarda kreditlərin ödənilməsi müddətlərinin uzadılmasına, qanunvericiliyə uyğun olaraq vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə dair ümumi şərtlər müəyyən edilməli və kredit müqaviləsində öz əksini tapmalıdır. Bankdaxili qaydalarda kredit üzrə ödənişlər anuitet formasında nəzərdə tutulduqda anuitet ödənişlərin vaxtından əvvəl aparılması şərtləri və bu zaman anuitetlərin yenidən hesablanması və ödənilməsi (anuitet ödənişlərin məbləğinin azaldılması və/və ya ödəniş müddətinin qısaldılması) qaydaları müəyyən edilməlidir. Bankdaxili qaydalarda ilkin ödəniş (kredit hesabına alınan əmlakın dəyərinin bir hissəsinin borcalan tərəfindən öz vəsaiti hesabına ödənilməsi) nəzərdə tutulduqda, bu ödənişlərə dair minimal tələblər müəyyən edilməlidir.

4.1.5. Kreditlər üzrə faiz dərəcələrinin müəyyənləşdirilməsi. Bankdaxili qaydalarda ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrini müəyyənləşdirmək üçün istifadə edilən iqtisadi və bazar şərtləri, habelə müxtəlif amillər nəzərdə tutulmalıdır. Banklar kreditlərə tətbiq ediləcək faiz dərəcələrini müəyyənləşdirərkən resursların dəyərini, kreditlərə xidmət xərclərini, ümumi inzibati xərcləri, mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatı və yetərli miqdarda mənfəəti, portfel üzrə itkiləri, eləcə də əlavə komisyon haqlarının tutulubtutulmamasını nəzərə almalıdırlar. Kreditin növündən asılı olaraq bank faiz dərəcələrinin minimum və maksimum həddini istifadə etdikdə bu zaman onların istifadəsi meyarlarını müəyyən etməlidir.

4.1.6. Güzəştlər. Bankda güzəştli şərtlərlə kreditlərin verilməsi üçün müvafiq meyarlar müəyyən edilməlidir. Güzəştli kreditlərin verilməsi praktikası, yəni eyni növ kredit və borcalanlarla müqayisədə digər borcalanlara daha sərfəli şərtlərlə kreditlərin verilməsi dəqiq prosedurlaşdırılmalı və bankın ümumi kredit strategiyası, habelə bank qanunvericiliyinin tələbləri ilə ziddiyyət təşkil etməməlidir.

4.1.7. Təminatın (kredit öhdəliklərinin icrasının təmin edilməsi üsulunun) qiymətləndirilməsi və götürülməsi. Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır. Kreditlər təminatla və ya təminatsız (blank) şərtlərlə verilə bilər. Təminatsız kreditlərin verilməsi üzrə bank tərəfindən ayrıca meyarlar müəyyən edilməlidir. Təminatsız kreditlər yalnız krediti qaytarma qabiliyyəti və nüfuzu yüksək səviyyədə olan borcalana onun gəlirliyinin adekvat olması müəyyən edildikdə verilməlidir. Təminatsız kreditlər verdikdə bank borcalanın daha uzunmüddətli maliyyə hesabatlarını (fiziki şəxslər üçün əmək haqqı və/və ya rəsmi qaydada təsdiq edilmiş fiziki şəxsin digər mənbələrdən aldığı gəlirlər barədə arayış) və kredit tarixini əldə etməlidir. Maliyyə hesabatları (arayışlar) sifarişin təqdim edilməsi tarixindən fiziki şəxslər üçün ən azı əvvəlki altı aylıq dövrü, hüquqi şəxslər üçün isə iki illik dövrü əhatə etməlidir. Bankdaxili qaydalarda girov şəklində götürüləcək təminatın bazar dəyərinin kredit məbləğinə olan nisbətinin məqbul əmsalları müəyyənləşdirilməlidir.

Təminat girov şəklində götürülərkən bankdaxili qaydalarda girovun qiymətləndirilməsinin mövcud qanunvericiliyə uyğun olaraq bankın mütəxəssisi və ya kənar qiymətləndirici tərəfindən aparılmasına dair prosedurlar müəyyən edilməlidir. Girovun qiymətləndirilməsi ücün bankın əməkdaşlarının və ya kənar qiymətləndiricilərin cəlb edilməsi üzrə meyarlar müəyyən edlməlidir. Qiymətləndirməni həyata keçirən bankın əməkdaşları müvafiq bilik səviyyəsinə və təcrübəyə malik olmalıdırlar. Bankda qiymətləndirmənin aparılması üçün cəlb edilən kənar qiymətləndiricilərin pesəkarlığına, təcrübə və ixtisasına qarşı tələblər, habelə onların seçilməsi mexanizmləri müəyyən edilməlidir. Məbləği bankın məcmu kapitalının 5%-dən yuxarı olan bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna verilən kreditlər üzrə girov ən azı iki kənar qiymətləndirici tərəfindən ayrıca qiymətləndirilməlidir. Bu zaman qiymətlər fərqli olduqda bank tərəfindən girovun aşağı olan qiyməti əsas götürülməlidir. Girovla təmin olunmuş kreditlərdən dəyən zərərin minimallaşdırılması üçün təminatın bazar dəyəri konservativ yanaşma, qiymətləndiricinin seçilməsi isə sərt meyarlar əsasında müəyyən edilməlidir. Kredit üzrə təminat qəbul edildikdə bank girov kimi götürülmüş əmlak üzrə bütün texniki və hüquqi sənədlərin təqdim olunmasını tələb etməlidir. Bank təminatla bağlı təqdim edilmiş sənədlərlə təminatın faktiki mövcudluğu və keyfiyyəti arasında uyğunsuzluğu aşkar etmək, borcalan tərəfindən təminatın adekvat vəziyyətdə saxlanmasını təmin etmək məqsədilə bankdaxili qaydalarda müvafiq tədbirləri (yerlərdə dövri yoxlamaların aparılması və s.), habelə təminatın sığortalanmasına dair tələbin irəli sürülməsi hallarını əks etdirilməlidir. Kreditlər qiymətli kağızlarla təmin olunduqda, bank bu kağızların real dəyəri və satış imkanlarını nəzərə alaraq onların qiymətləndirilməsi qaydalarını müəyyən etməlidir. Bankdaxili qaydalarda təminatın əvəzləşdirilməsinin, habelə yeni təminatın dəyərinin kreditin məbləğinə olan nisbətinin dəyişdirilməsi üzrə mümkün hallar, meyar və prosedurlar müəyyən edilməlidir. Bundan əlavə, bank öz siyasətinə və Mərkəzi Bankın müvafiq tələblərinə uyğun yeni təminatın dəyərinin kreditin məbləğinə olan nisbətinin minimum səviyyəsini təyin etməlidir. Borcalan tərəfindən girov şəklində təqdim olunmuş əmlakın əvəz edilməsinə zərurət yarandıqda bank yeni təminatın dəyərinin kreditin ödənilməmiş məbləğinə olan nisbətinin əvvəlki səviyyədən aşağı olmasına yol verməməlidir. Kredit qiymətli kağızlarla, zaminliklə, qarantiyalarla və ya bank depozitləri ilə təmin olunduqda bank bu təminatlar üzrə müddətlərini nəzərdən keçirməlidir. Belə təminatın müddəti kreditin qaytarılma müddətindən az olduqda və ya borcalan tərəfindən bu təminatın əvəz edilməsinə zərurət yarandıqda bank yeni təqdim olunmuş təminat üzrə keyfiyyət və likvidlik göstəricilərinin, habelə təminatın dəyərinin kreditin ödənilməmiş məbləğinə nisbətinin ilkin təminat göstəricilərindən az olmamasını təmin edilməlidir. Yeni təminatın qiymətləndirilməsi və onun barəsində qərarın qəbul edilməsi üzrə banka yetərli vaxt verilməsi üçün yeni təminat ilkin təminatın vaxtı başa çatmamışdan əvvəl təqdim olunmalıdır. Kreditin müddəti başa çatanadək real bazar dəyərinin təyin edilməsi və təminatın likvidliyinin monitorinqi üçün təminat mütəmadi olaraq bank tərəfindən yenidən qiymətləndirilməlidir.

Bu məqsədlə bank təminatının mütəmadi olaraq yenidənqiymətləndirilməsi zəruri olan kreditlərin məbləğini, habelə yenidənqiymətləndirmənin dövriliyini bankdaxili qaydalarda müəyyən etməlidir. Bankdaxili qaydalarda təminatın qiymətində müşahidə olunan mənfi meyllərə reaksiya vermə prosedurları müəyyən edilməlidir. Bankda təminatın qiymətləndirilməsi qrafiki, hesabatlıq sistemi və qiymətləndirmənin həyata keçirilməsinə məsul şəxslər müəyyən edilməlidir. İstehlak və mikro-kreditlər üzrə girova nəzarətin həyata keçirilməsi üçün belə girovların xüsusiyyətləri nəzərə alınmaqla bankda ixtisaslaşmış bankdaxili sistem qurulmalıdır. Həmin sistem girovun verilmiş kreditin şərtlərinə və müddətinə adekvat olmasına nəzarəti təmin etməlidir. Qarantiya və ya zaminliklə təmin olunmuş kreditlərin verilməsi üçün bank qarant (zamin) haqqında ətraflı maliyyə məlumatlarının təqdim olunmasını tələb edir. Bu zaman tələb olunan məlumatın tərkibi kreditlərin verilməsinə dair bankdaxili qaydalarda öz əksini tapmalıdır.

4.1.8. Borcalanlar haqqında maliyyə məlumatı. Bankdaxili qaydalarda borcalanların krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə həm kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesabatlarının təqdim edilməsi tələbi müəyyən olunmalıdır. Borcalan hüquqi şəxs olduqda ondan başa çatmış maliyyə ili üzrə auditdən keçmiş hesabatların, vergi orqanlarına verilən hesabatların, pul vəsatinin hərəkəti barədə hesabatın və digər hesabatların təqdim edilməsi nəzərdə tutulmalıdır. Fiziki şəxslər üçün maliyyə hesabatları qismində əmək haqqı və/və ya rəsmi qaydada təsdiq edilmiş fiziki şəxsin digər mənbələrdən aldığı gəlir barədə arayış tələb olunmalıdır. Qanunvericilikdə hüquqi şəxslərin hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun təqdim olunması nəzərdə tutulduqda bu hesabatların təqdim edilməsi bank tərəfindən şərt kimi müəyyən olunmalıdır. Borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsi sənədləşdirilməlidir. Zərurət yarandıqda banklar borcalan haqqında maliyyə məlumatlarının qiymətləndirilməsi üçün müstəqil ekspertləri, məsləhətçiləri cəlb edə bilərlər. Bankdaxili qaydalarda borcalanın maliyyə məlumatlarının əhatə tamlığının və mötəbərliyinin təsdiqi üçün onun digər tərəflər qarşısında borc, zaminlik və digər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsi nəzərdə tutulmalıdır. Bu məqsədlə banklar Mərkəzləşdirilmış Kredit Reyestrinin məlumatlarından istifadə edə bilərlər. Bundan əlavə, banklar auditorlardan, reytinq agentliklərindən, vergi və digər dövlət orqanlarından və s. mənbələrdən əlavə məlumatlar əldə edə bilər. Borcalanın maliyyə vəziyyətinin monitorinqi kredit üzrə borc ödənilənədək həyata keçirilməlidir.

4.1.9. Bir borcalana və bir-biri ilə əlaqədar borcalanlar qrupuna kreditlərin verilməsi. Kreditin verilməsi barədə qərar qəbul edərkən bank tərəfindən bir neçə borcalanın maliyyə və idarəetmə baxımından borcalanlar qrupu təşkil etdiyi araşdırılmalıdır. Bundan əlavə bank tərəfindən bir borcalana və ya bir-biri ilə əlaqəli borcalanlar qrupuna müxtəlif fəaliyyət növü üzrə kreditlərin verilməsi hallarının aşkara çıxarılması üzrə qaydalar müəyyən edilməlidir. Bir borcalana və ya bir-biri ilə əlaqəli borcalanlar qrupuna kreditlərin verilməsi qaydaları müəyyən edilərkən bank Mərkəzi Bankın müvafiq normativ xarakterli aktlarının tələblərini nəzərə alınmalıdır.

4.1.10. Banka aidiyyəti olan şəxslərə və aidiyyəti olan şəxslər adından hərəkət edən şəxslərə kreditlərin verilməsi. Bankdaxili qaydalarda banka aidiyyəti olan şəxslərə və aidiyyəti olan şəxslər adından hərəkət edən şəxslərə (bundan sonraaidiyyəti olan şəxslər) kreditlərin verilməsi üçün şərtlər və məhdudiyyətlər müəyyən edilməlidir. Bu şərtlər və məhdudiyyətlər bank qanunvericiliyinə, o cümlədən Mərkəzi Bankın müvafiq normativ xarakterli aktlarına uyğun olmalıdır. Bankdaxili qaydalarda banka aidiyyəti olan şəxslərə kreditlər verilən zaman onlar üçün eyni kreditqaytarma imkanları olan digər borcalanlara nisbətən güzəştli şərtlərin nəzərdə tutulmadığı qeyd olunmalıdır. Banka aidiyyəti olan hüquqi şəxsin kredit sifarişini qiymətləndirərkən bank onun auditor rəyi ilə təsdiq edilmiş ən azı son iki illik maliyyə hesabatlarının təqdim olunmasını tələb etməlidir. Bankda aidiyyəti olan şəxs ona verilən kreditin qiymətləndirilməsində, təsdiq edilməsində və verildikdən sonra ona nəzarət prosesində iştirak edə bilməz. Bu şəxslərə verilən kreditlər yalnız təminatlı kredit olmalıdır. Bankdaxili qaydalarda banka aidiyyəti olan şəxslərə verilmiş kreditlər barədə Müşahidə Şurasına hesabatlıq sistemi, habelə hesabatların dövriliyi müəyyən edilməlidir.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png