“Azərbaycanda özəlləşdirmə pozitiv çoxtərəfli təsirlərə malikdir”
Son dövrlər həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Sovet dövründən qalan müəssisələrin fəaliyyəti yenidən bərpa edilir. Bu olduqca müsbət haldır. Apardığımız təhlillər göstərir ki, özəlləşdirilmə nəticəsində belə müəssisələrə investisiya cəlb olunub, müasir avadanlıqlarla təchiz edilib, istehsal gücü artırılıb. Həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda bununla xarici bazarlara çıxış imkanı artır. Əhəmiyyətli məqamlardan biri bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Bu isə regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamikaya təkan verir. Bu gün də ölkədə uğurla fəaliyyət göstərən bir çox müəssisələrə, o cümlədən iri müəssisələrə diqqət yetirsək görərik ki, əksəriyyəti vaxtilə özəlləşdirilmiş müəssisələrdir. Belə müəssisələrə iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, rabitə, nəqliyyat və digər sahələrdə rast gəlmək olar. mehmanxanaların, iaşə obyektlərinin özəlləşdirilməsi ölkənin turizm potensialının artmasına imkan verir. “Alov Qüllələri”, “Həyat Recensi”, “Cümeyrah Bilgəh” kimi otellərin, “Azərbaycan Mehmanxanası”nın (“Hilton” hotel), o cümlədən regionlarda yerləşən “Şahdağ Mehmanxanası”nın, “Salyan Mehmanxanası”nın, “Zaqatala Mehmanxanası”nın və digər mehmanxanaların fəaliyyətini buna misal göstərmək olar. Bundan başqa quşçuluq sənayesinin inkişafında öz müsbət təsirləri ilə seçilən bir sıra özəlləşən müəssisələr vardır. “Siyəzən Broyler”, “Dəvəçi Broyler”, “Giləzi Quşçuluq”, “Cəlilabad Broyler”, “Goradil Quşçuluq” kimi iri quşçuluq müəssisələrinin fəaliyyəti bu sahənin ÜDM-da payının artmasına şərait yaradıb.