az en

Amerika Ticarət Palatasında “Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesinin hazırkı mərhələsi və gələcək imkanlar” mövzusunda tədbir keçirilmişdir

27 oktyabr 2016-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurasının dəvəti ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Palatanın təşkil etdiyi tədbirdə iştirak etmiş və Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin hazırkı mərhələsi və gələcək imkanlar” mövzusunda çıxış etmişdir.

Belə tədbirlər Palata tərəfindən hər ay təşkil olunmaqla, tədbirlərə qonaq qismində Azərbaycan Respublikasının nazirləri, komitə sədrləri, Milli Məclisin üzvləri, müxtəlif mərkəzi dövlət qurumlarının rəhbərləri və digər yüksək səviyyəli şəxslər dəvət edilir. Qonaq qismində dəvət olunmuş şəxslər ölkə ictimaiyyəti üçün aktual olan və Palata üzvlərini maraqlandıran aidiyyəti məsələlər haqqında təqdimatla çıxış edir, yaranan sualları cavablandırır, yekunda isə qarşılıqlı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi və müzakirələr aparılır.

Dövlət əmlakının özəlləşdirilməsi mövzusuna həsr edilmiş tədbirdə komitə sədri ölkədə həyata keçirilən iqtisadi islahatlar, özəlləşdirmə prosesindəki yeniliklər, daşınmaz əmlakın idarə edilməsi və qeydiyyatı sahəsində innovativ və elektron xidmətlər, habelə gələcək perspektivlər haqqında təqdimatla çıxış etmişdir.

Təqdimatda Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin tarixi, özəlləşdirmə sahəsində qəbul edilmiş qanunverici aktların digər ölkələrdəki proqramlardan fərqli cəhətləri, Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin özəlləşdirmə prosesinin başlanması və dönməzliyinin təmin olunmasında rolu, bu sahədə əldə edilmiş nailiyyətlər, mövcud problemlər və gələcək perspektivlər geniş yer almışdır.

Eyni zamanda, komitə sədri son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən özəlləşdirmənin yeni, strateji mərhələsinin başlaması ilə bağlı qəbul etdiyi qərarlar, özəlləşdirməyə açılmış yeni müəssisə və sahələr, prosesə xarici investorların cəlb edilməsi və qeyr-neft sektorunun inkişafının bu yolla dəstəklənməsi, eləcə də məsləhətçi şirkətlərlə əməkdaşlıq imkanları barədə ətraflı məlumat vermişdir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanmış, onların xarici investorların özəlləşdirmədə iştirakının hüquqi rejimi, investisiyalara təminat, xarici investorlara tətbiq edilməsi mümkün olan güzəşt və imtiyazlar, habelə bu sahədə nüfuzlu məsləhətçi şirkətlərin rolu haqqında çoxsaylı sualları cavablandırılmışdır. Yerli və xarici iş adamları və biznes nümayəndələri ilə bu formatda görüşlərin gələcəkdə də davam etdirilməsi qərara alınmışdır. 

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg